İlham Əliyev fərman imzaladı
Sərəncam Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə imzalanıb.
1. Bu Sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;
2.1.2. bu Sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyalar üçün nəzərdə tutulmuş vəsaitin Agentliyə ayrılmasını təmin etsin;
2.2. Agentliklə birlikdə bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görsün;
2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Sayta dərc etdi: Kənan0001






