Reklamın təsirinə düşməmək üçün nə etməli?

Reklam bizi hər yerdə əhatə edir. Reklam nümayəndələri davranışınıza təsir etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar. Bu təsirə qarşı gəlməyə çalışmaq – öz müstəqilliyinizi, seçim haqqınızı və pulqabınızı qorumaq deməkdir. Lakin bunu etmək heç də həmişə asan deyil.
Hər gün, hər saat, hər dəqiqə beynimiz tonlarla reklam məlumatı ilə yüklənir. Müasir reklam sənayesi uğurla bizim üstünlüklərimizi, arzularımızı, fikirlərimizi, son nəticədə isə davranışımızı idarə edir. Adi “kiçik insan” bu təsirlərə necə qarşı gələ bilər?
Reklamı məhdudlaşdırın
Reklamın təsirinə qarşı mübarizə aparmağın ən sadə yolu ondan xilas olmaqdır. Görməmək, eşitməmək və oxumamaq. Təəssüflər olsun ki, reklamı tam olaraq həyatınızdan çıxarmaq mümkün olmayacaq. Lakin onu əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. İnternetdə mövcud reklamın əksəriyyətini Adblock Plus və yaxud Adguard kimi xüsusi proqramlarla blok etmək mümkündür. Televizorda izlədiyiniz reklamlardan xilas olmaq üçün isə televizora baxmaq üçün ayırdığınız zamanı məhdudlaşdırmaq məqsədəuyğundur.
Diqqət yetirin
Reklam texnologiyaları artıq uzun müddətdir ki, “al, al, al” primitivliyindən uzaqlaşıb. Reklam mütəxəssisləri artıq birbaşa olaraq şüuraltınıza təsir etməyi öyrənmişlər. Bu təsirlə mübarizə aparmaq isə çətindir. Belə ki, heç də həmişə bunun fərqində olmuruq. Kiçik, lakin effektiv təsirlərin fərqinə vardıqda həmin təsirlər öz gücünü itirməyə başlayır. Bunu reklama aid etdikdə isə təsir anlarına, vasitələrə, dürüst olmayan metodlara diqqət yetirmək lazımdır. Bunun üçü isə reklamın insalara təsiri mexanizmi barədə bir neçə məqalə oxumaq kifayətdir və bununla manipulyasiyalara daha az tabe olacaqsınız.
Üstünlüklərinizi təyin edin
Müqayisə etmək və seçmək – təbii ki, müsbət keyfiyyətdir, lakin çox zaman tələb edir. Etibar etdiyiniz istehsalçı, brend, mağaza, konkret məhsul təminatçısının siyahısına sahib olmaq çox faydalıdır. Belə olduqda, heç bir reklam sizi yolunuzdan döndərə bilməyəcək. Mahiyyət etibarilə, bu elə həyat tərzi adlanır. Lakin düzgün və məntiqli yanaşma əvvəlcədən hazırlanmış qərarların mütəmadi olaraq yenilənməsini tələb edir. Əks təqdirdə siyahı effektivliyinizi itirəcə, axı, zaman durmadan irəli gedir və yeni adətən köhnədən daha yaxşı olur.
Sonda qeyd edək ki, reklamın təsirinə qarşı gəlməyin uğuru güclü şəkildə individuallıqdan asılıdır. Hər bir kəs fərdi olaraq öz strategiyasnı seçir və yaxud öz davranış tərzini özü təyin edir.






