♥Мой Мир♥

♥Мой Мир♥ İslam Dini 27-05-2016, 12:00

Fitr bayramı

Fitr bayramı

Orucluq Bayramı Fitr bayramıdır, bütün oructutanların bayramıdır. Şəvval ayının 1-də bayram edilir. Bayram günü həddi-büluğa çatmış hər bir imkanlı müsəlman özü üçün və himayəsində olan hər bir şəxs üçün təqribən 3 kq buğda qiyməti həcmində fitrə zəkatı verməlidir. Fitr bayramı - Ramazan ayının başa çatması münasibətilə təşkil olunan əsas bayramlardan biridir. Buna "əl-Fitr" və ya "Siyam" bayramı da deyirlər. "Siyam" ərəbcə oruc tutmaq sözündəndir. Farsca "ruzə" deyilir. Fitr bayramı orucluq qurtaran günü, təzə Ayın - hilalın ilk rübünün nazik şəkildə görünməsi ərəfəsindən, yəni Şəvval ayının daxil olması ilə başlayır. Bu zaman oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür, "oruc namazın qəbul olunsun",- deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına görə gözəl bayram süfrəsi açılır.
Yeməkdən sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin (yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına görə) hər nəfərə bazar qiymətilə 3 kq buğdanın pulunu ayırır. Həmin pulu orada iştirak edən ailə üzvləri bir-birinə ötürürlər. Yaxşı olar ki, bu fitrə həmin gecə kasıblara paylansın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində fəqir-füqəraya çatdırılsın.

Fitr bayramı ibadət bayramı, bağışlanma bayramıdır. Bu, mömin müsəlman üçün qısa bir riyazət mövsümünün sonudur. Hansı ki, bu riyazətlə özündə yaxşı xüsusiyyətləri gücləndirmək, özünü islah etmək və il boyu, ömür boyu ondan faydalanmaq istəyir. Ramazan ayında bu ilahi və şəri riyazət, bu nəfsini saxlamaq, aclığa, susuzluqa dözmək, nəfsani meyllərlə, Ehtiraslarla mübarizə insanda yaxşı xüsusiyyətlərin güclənməsinə səbəb olur. Bəşər əslində həmin xislətlər, xüsusiyyətlər toplusundan ibarətdir. Sifətləri, nəfsani və ruhi xüsusiyyətləri yaxşı sifətlərdirsə, bu dünyadan əli dolu gedirlər. İbadət, ilahi təqva və insanın öhdəsində olan digər vəzifələr nəticə etibarı ilə insanın özünü yaxşı xüsusiyyətlər toplusu ilə nurlandıra bilməsidir. Özünü həqiqi insan kimi formalaşdıra, Uca Yaradana bənzərlik tapa bilməsidir. Mübarək ramazan ayının bərəkəti ilə nəfsani meyllərlə mübarizə gücü əldə edən insan böyük uğur qazanır və o bunu qorumalıdır. Şəhvətpərəstliyə adət edən, nəfsani Ehtiraslara müsbət cavab verməyə adət edən insan bu ayda sözügedən adətlərə qələbə çala bilir. Bunu özü üçün qorumalıdır. Bəşəriyyətin bütün bədbəxtlikləri nəfsani istəklərdən törəyir. Bütün zülmlər, bütün hiylələr, bütün namərdliklər, ədalətsizliklər, bütün zülmkarcasına aparılan döyüşlər, bütün fasid hökumətlər, xalqlar arasında təslimçilik və zülmü qəbul etmək hamısı nəfsani meyllərə, Ehtiraslara müti olmaqdan doğur. Əgər insan özündə nəfs istəklərinə qələbə çalmaq gücü tapa bilirsə, xilas olmuşdur. Ramazan ayı sizdə bunu formalaşdırır. Fitr bayramı hesablaşmaq üçündür. Allahın ziyafət zamanı sizə verdiyi mükafatı özünüz üçün saxlamaq üçündür. Özünüz üçün saxlayın, Allahla öz əlaqənizi möhkəmlədin. Əmir əl-Möminindən nəql olunmuşdur: "Bu gün Allah oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah olunmursa), o gün bayramdır". Mənim əzizlərim! Bu günü, sabahı, ilin bütün günlərini günah işlətməməklə, haramlardan çəkinməklə bayram edin.

Mənbə:"Ramazan nuru" kitabı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
925 974 861 731 854 899

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.