ice berg

ice berg Hekayələr 27-03-2025, 22:00

Ovcuma qazdığım yazı

Ovcuma qazdığım yazı

(Esse-hekayə)



Onu hər gün daha çox sevməyə başlamışdım. Gecələr eşikdə açıq havada qalmaq, səhərlər erkən oyanıb yataqdan qalxmamış, onu alaqaranlıq otaqda düşünmək xoş gəlirdi mənə. Bu halıma, belə xəfif duyğularıma əvvəl ciddi yanaşmamışdım, özümə inanmamışdım bəlkə də, onu sevməyimin səbəblərini anlamamışdım. Sonradan, əslində heç bir səbəb olmadan sevmək əsl səadət imiş, - deyə düşünmüşdüm.

Həyat yavaş-yavaş rənglənir, dondan-dona düşürdü. Saralıb xəzəl olan yarpaqlar, solan çiçəklər yenidən oyanır, ləçəklənir, yaşıllaşır və yerbəyer olub günəşə doğru boylanırdı.

Eşq adlı həyat bağçasında yenicə bitən, rişəsi-kökü gün-gündən qəlbimin dərinliklərinə işləyən bu kövrək tağı necə, becərə biləcəkdimmi?..

Necə olacaqdı, bilmirəm, hünərim yetsə, əlimi ona tərəf uzadacaqdım, əlini sıxacaqdım, qollarım dolansa, çiyinlərini qucaqlayıb kövrələcəkdim, iradəmə, qüruruma yenilib bəlkə də dəlilər kimi dayanmadan ağlayacaqdım.

Təkadamlıq kamerada yatan xəstə məhbus kimi bir gün adını sayıqlamağa başlayanda qorxmuşdum. Qorxmuşdum ki, qəflətən ölərəm, o bunu bilməz. Nəinki o, heç kim bilməz nədən belə qəfil öldüyümü, eləcə üstümə başqa ad qoyarlar.

Pencəyimin yan cibindən tələkə qələmimi çıxarıb əlimə aldım, ölsəm, ilqarım, həm də etirafım olsun, - deyə nəsə yazmaq istədim, daim qoltuq cibimdə, qoynumda gəzdirdiyim dəftəri açıb baxdım, dəftərdə boş ağ vərəq qalmamışdı. Bəs mənə ağ vərəq gətirəcəkdilər?.. Eşiyə çıxarıb bir az gəzdirəcəkdilər? Nə oldu? Gəzmək o yana qalsın, kaş ki ağ vərəq gətirəydilər. Eeh.. kaş ki...

O tələkə qələmimlə ovcumun içinə kiçik hərflərlə adını yazdım. Elə kiçik yazdım ki, heç kim oxuya bilməsin. Ən böyük əsərini yazıb bitirmiş böyük söz sultanları kimi sinədolusu dərin bir nəfəs alıb fərəh hissi ilə köks ötürdüm. Barmaqlarımı ovcumun içinə qatlayıb, bərk-bərk sıxıb açdım. Dırnaqlarımın yeri ad olan hissənin üstündən çəpər çəkmişdi. Ad isə silinməmişdi. Öpdüm adından, qəlbim, ruhum elə ətirlənmişdi ki, onun rayihəsini duyurdum, sanki.

Sonra yenə əlimi büküb ovcumu sıxdım, bəlkə də indicə ruhumu cilalayan, ürəyimə su səpən o adın pozulub silinəcəyindən qorxurdum. Yatağıma uzanıb gözlərimi yumdum. Qızdırmalı adam kimi titrədirdim, yorğanı sinəmə çəkib bərk-bərk büründüm. Beləcə, yatağımın içində xeyli vurnuxdum, gah sağ, gah da sol böyrüm üstə çevrildim. Uzun-uzun hey yuxuya getmək, yatmaq keçdi ağlımdan. Ancaq mən, yatdığım zaman, yuxuları çıxmaq şərti ilə, yaşamadığımı hiss eləmişdim. Anlamışdım ki, yatmaq yaşamaqdan deyilmiş. İndi necə yataydım?

...Ayaqlarım yaman ağrımağa başlamışdı. Neçə gün idi ki, adətimcə əməlli-başlı gəzib-dolaşmırdım deyə keyimişdilər. Canım da yaman ağrıyırdı. Çox küskün idim, incimişdim özümdən. Pəncərədən zəif işıq düşürdü otağa, gözlərim o işığın işartısına dikilmişdi. Aynanın açıq nəfəsliyindən xəfif küləklə azacıq hava dolurdu içəri. O azacıq hava sıxılmaqdan pörşələnən ürəyimi az da olsa, sakitləşdirirdi. Sanki onun dayanması ilə gözlərimdə həyat sönəcək, qəlbim vurmaqdan duracaqdı.

Əllərimi açıb bir də ovcumun içinə baxdım, ad hələ də ordaydı, qazdığım yerdə. Səhərin tülküuyumazında axır ki, yuxu tutmuşdu məni, yorğan da üstümdən sürüşüb düşübmüş yerə. Üşüdüyümü hiss edəndə artıq hündürnahar idi, günəş şəfəqdən xeyli aralanmışdı, saat 10-u göstərirdi. Heç sevmirdim gec oyanmağı. Yerimdən dik atıldım, sonra işimin adının məhbusluq olduğu yadıma düşdü, rahatlandım, sanki. Nə qədər rahatlana bilir ki, insan?..

Ovcumun içinə qazdığım ad düşdü yadıma, tez əlimə baxdım, qazdığım yerdən silinmişdi adı. Bəlkə heç bir ad yazmamışdım ora. Yuxu görmüşdüm, bəlkə də... Yoxsa, məni günün günorta vaxtı qara basırdı?

Əlimin içinin isindiyini hiss etdim, bir də dönüb baxdım, yanaqlarımdan axıb düşən iki damcı göz yaşı göllənmişdi ovcumun ortasında.

Qapı açıldı. Günəşin ziyaları axdı içəri. Çıxdım, mənim üçün darıxan Günəşin sevənlərə açılan qanadlarını öpməyə. Qayıdanda qucağımda bir topa ağ vərəq də vardı... Hara getmişdim, niyə qayıtmışdım, bilmirəm. Ancaq öz zindanımda onun xəyalıyla tək qalmaq, sanki bir alın yazıma çevrilmişdi...

9 dekabr 2020
Novruz Nəcəfoğlu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 266 271 275 261 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.