Uşaqlarda özgüvən formalaşmasında valideynin rolu
Özgüvən, insanın özünə və bacarıqlarına olan inamıdır. Həmçinin, bacarıq və qabiliyyətlərinin fərqində olmasıdır. Bu keyfiyyətin təməli erkən uşaqlıq dövründə qoyulur və formalaşmasında əsas rol valideynlərə məxsusdur. Uşağın özünə güvənən bir fərd kimi yetişməsi, onun gələcək münasibətlərindən tutmuş, təhsil və peşə həyatına qədər bir çox sahədə uğur qazanmasına təkan verir.
Özgüvənin formalaşmasında məhz uşaq dünyaya gəldiyi andan etibarən ilk toxumlar səpilir. Uşaq dünyaya gəldiyi andan etibarən ətraf mühitlə ünsiyyətə girərək, özünü və bacarıqlarını tanımağa başlayır. Bu mərhələdə valideynin yanaşması və uşağa verdiyi siqnallar, onun mənlik dəyərinin formalaşmasında birbaşa təsirlidir. Uşağın hər hansı bir bacarığı sınamaq cəhdləri ya təşviq oluna, ya da boğula bilər. Burada valideynin reaksiyası həlledici olur.
Valideynlərin özgüvənə təsir edən davranışları aşağıdakılardır:
1) Uşağın səyini təqdir etmək və uğursuzluqda belə ona yanında olduğunuzu hiss etdirmək, onun risk almaqdan qorxmamasına səbəb olur.
2) Tənqid və müqayisədən uzaq durmaq: Davamlı tənqid və digər uşaqlarla müqayisə, uşağın öz dəyərini sorğulamasına gətirib çıxarır. Davamlı tənqid edilən uşağın özgüvəni zəif və zədəli olur.
3) Qoyulan sərhədlər, aydın və stabil qaydaların olması uşağın özünü güvənli hiss etməsinə kömək edir.
4) Şərtsiz sevgi, uşağın mənliyini gücləndirən əsas amildir. Uşaq “nə etsəm də sevilirəm” hissini yaşadıqda, öz dəyərini qəbul etməyə başlayır.
Valideynlərin uşağa özgüvən aşılaması üçün aşağıdakı təklif və tövsiyələri verə bilərik:
* Uşağın fikirlərini dinləyin və ona söz haqqı verin.
* Ona uyğun məsuliyyətlər verin və müstəqil qərarlar qəbul etməsinə icazə verin.
* Kiçik nailiyyətlərini real şəkildə qiymətləndirin.
* Səhvləri öyrənmə fürsəti kimi təqdim edin, cəzalandırma yox.
* Özünüz özgüvənli bir model olun; uşaqlar valideynlərini təqlid edirlər.
Uşaqlarda özgüvənin formalaşması uzunmüddətli və davamlı bir prosesdir. Bu prosesdə valideynlərin rolu birmənalı şəkildə həlledicidir. Sevgi, anlayış, qəbul və təşviq dolu bir mühitdə böyüyən uşaqlar, daha balanslı və özünə güvənən yetkinlərə çevrilirlər. Hər bir valideyn, öz övladına bu güvəni aşılayacaq davranış modelini formalaşdırmaqla onun həyat yolunu işıqlandıra bilər.
Psixoloq Aysu Əliyeva







