weher uwagi

weher uwagi Məşhurlar 28-05-2025, 11:30

Cəmaləddin Maqomayev – 115

Cəmaləddin Maqomayev – 115

Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin (1885÷1937) ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur.

Böyük Vətən Müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir.

Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur. 1953-cü ildə Azərbaycan SSR yerli sənaye naziri təyin edilmiş, 1953–1957-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. O, 1957-ci ildən Azərbaycan SSR naziri olmuş, 1957–1962-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1962-ci ilin fevralından ömrünün sonunadək SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi olmuşdur.

1940-cı ildən Sov. İKP üzvü olmuş, SSRİ Ali Sovetinin (3–4, 7–8-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2–3, 5–6, 9-cu çağırış) deputatı seçilmişdir. 1954–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə üzvlüyə namizəd, 1964-cü ildən isə yenidən üzvü olmuşdur.

Cəmaləddin Maqomayev 5 oktyabr 1977-ci ildə vəfat etmiş və 8 oktyabrda Fəxri Xiyabanda dəfn olunmuşdur. İkinci Dünya müharibəsində cəbhəyə yollanmış, 24 aprel 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olmuş və Polşada dəfn edilmiş Məhəmməd Maqomayevin (1916÷1945) qardaşı, görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti (1973), "Şöhrət Ordeni" laureatı Müslüm Maqomayevin (1942÷2008) əmisidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
242 240 239 188 186 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.