ice berg

ice berg Sağlamlıq 6-10-2025, 14:00

İdman zallarında gizli risklər

İdman zallarında gizli risklər

Sentyabrın 29-da Əməkdar artist Cabir İmanovun idman zalında ürək tutmasından dünyasını dəyişməsi kədərli fakt oldu. Ölüm faktının idman zalında baş verməsi suallar da doğurdu. Çünki bundan öncə də idman zallarında ürək tutmasından baş verən ölüm faktları olmuşdu. İstər-istəməz idman zamanı qəbul edilən dərmanların ölümə səbəb olması barədə ehtimallar gündəmə gəldi. Həqiqətən də, görəsən, idman zalları, istifadə edilən dərmanlar hansı hallarda ölümə səbəb ola bilərmi? 

 

Nutrisioloq, fəal idmanla məşğul olan Emil Allahverdiyev bildirib ki, ürək tutmaları sadəcə idman zallarında deyil, hər yerdə ola bilər: "Bu, sükan arxasında, hətta yemək yeyərkən də mümkündür. İdman zalında olması o demək deyil ki, məhz idmanla bağlıdır. İnsan içki içirdimi, yağlı yeməklər yeyirdimi, nəslində infarktdan dünyasını dəyişənlər varmı, əsas bunlara diqqət etmək lazımdır”. 

 

Nutrisioloqun fikrincə, idmana başlamazdan əvvəl sağlamlıq müayinəsindən keçmək lazımdır: "Yaşın 40-ın üzərindədirsə, heç vaxt idmanla məşğul olmamısansa, idmana gedirsənsə, müayinə mütləqdir. Xroniki xəstəliklər varsa, həkimlə məsləhətləşmək lazımdır. Amma bunları zaldan tələb etmək doğru deyil. Bu, insanın şəxsi məsuliyyətidir”. 

 

E.Allahverdiyev idman zallarında təqdim edilən proteinlərin və qida əlavələrinin ürək problemlərinə heç bir təsiri olmadığı qənaətindədir: "Bəzi idmançılar stereoidlər istifadə edirlər. Onlar protein və ya qida əlavəsi deyil. Onlar insan ömrünü qısaldır. Bir çox stereoidlər qadağandır. Lakin bəzən gizli şəkildə alına bilir. Azərbaycanda bəzi preparatlar qadağandır. Amma zallarda bu dərmanlar təklif edilir. Məşqçilər idmanla məşğul olanlara sürətli nəticə almaq üçün preparat təklif edirlər. Məşqçilər bu dərmanların fəsadlarından da danışmalıdırlar. Deməlidir ki, nəticəyə tez çatsan da, ürəyində problemlər yaranacaq, təzyiqin qalxacaq, ömrün bir neçə il qısalacaq. Heyif ki, bir çox məşqçilər bunu etmir”.

 

E.Allahverdiyevin fikrincə, idman zallarında çalışan məşqçilər tibbi yardım kursları keçməlidirlər. 

 

Almaniyada fəaliyyət göstərən həkim-kardioloq Firudin Qurbanov da bildirib ki, idman zallarında qəfil ürəktutmalarının bir çox səbəbi var: "Əsas risk qrupu yaşı 40-dan yuxarı olan insanlardır. Siqaret çəkənlər, artıq çəkisi olanlar, ailəsində ürək-damar xəstəliyi olanlar, şəkərli diabetdən və ya təzyiqdən əziyyət çəkənlər xüsusilə risk altındadırlar. Belə şəxslərin tac damarlarında problem ola bilər, amma gündəlik həyatda bunu hiss etməzlər. İdman zalında fiziki yüklənmə nəticəsində infarkt və ya qəfil ürək tutması baş verə bilər. Gizli ürək-damar xəstəliyi olan insanlar var. Bu, bəzən irsidir”

 

Həkim-kardioloq bildirdi ki, hipertrofik obstruktiv kardiomiopatiya zamanı ürək əzələsi qalınlaşır. Bu, gündəlik həyatda simptomsuz ola bilər, amma fiziki yüklənmə zamanı bədxassəli ritm pozğunluqları yarana və qəfil ölümlə nəticələnə bilər: "Bunu biz tez-tez gənc idmançılarda görürük – məşq və ya oyun zamanı qəflətən yıxılırlar və həyatlarını itirirlər”. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 203 188 165 163 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.