Qlütensiz qidalanma “dəbi”
Son illər populyarlığı sürətlə artan qlütensiz qidalanma bir çox insanlar tərəfindən daha sağlam seçim kimi qəbul edilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, tibbi zərurət olmadan bu cür pəhrizə keçmək faydadan çox zərər verə bilər. Çölyak ( buğda, arpa və çovdarda olan qlüten adlı zülala qarşı orqanizmin immun sisteminin verdiyi reaksiyadan yaranan ömürlük bir nazik bağırsaq xəstəliyi) xəstəliyi və ya tibbi cəhətdən təsdiqlənmiş qlüten həssaslığı olmayan şəxslərdə qlütenin tamamilə rasiondan çıxarılması mühüm vitamin və mineral çatışmazlıqlarına səbəb ola bilər.
Qlütenin buğda, arpa və çovdar kimi dənli bitkilərdə təbii şəkildə mövcud olan zülal qrupu olduğunu bildirən türkiyəli dietoloq Yüksəl Esra Yetim qlütensiz qidalanmanın kimlər üçün uyğun olması və hansı hallarda tətbiqi ilə bağlı məlumat verib.
Hansı qidalarda qlüten var?
Dietoloq qeyd edib ki, qlüten həssaslığı çölyak xəstəliyi və buğda allergiyası olmadan qlütenli qidalar qəbul edildikdə qarın ağrısı, köp, ishal, baş ağrısı və yorğunluq kimi əlamətlərin yaranması ilə xarakterizə olunur. Onun sözlərinə görə, diaqnoz qoyulmazdan əvvəl çölyak və allergiya testlərinin mənfi nəticə verməsi vacibdir. Əksər hallarda diaqnoz həkim nəzarəti altında aparılan eliminasiya və yenidən yükləmə mərhələləri ilə qiymətləndirilir.
Qlütenin xəmrə elastiklik verdiyini və çörəyin yaxşı qalxmasını təmin etdiyini deyən Yüksəl Esra Yetim bildirib ki, buğda unu, bulqur, irmik, makaron, çörək, piroq, biskvit kimi əsas qida məhsulları qlüten ehtiva edir. Bundan əlavə, bəzi souslarda, emal olunmuş ət məhsullarında və hazır qidalarda da “gizli qlüten” ola bilər.
Hər kəs üçün vacib deyil
Dietoloq vurğulayıb ki, qlütensiz qidalanma yalnız çölyak xəstələri üçün məcburidir. Bununla yanaşı, buğda allergiyası olan şəxslər və tibbi müayinədən sonra qeyri-çölyak qlüten həssaslığı diaqnozu qoyulmuş insanlar bu pəhrizdən fayda görə bilərlər. Lakin belə qərar mütləq həkim və dietoloqun birgə qiymətləndirməsi əsasında verilməlidir.
Tibbi zərurət olmadan qlütensiz qidalanmanın mənfi tərəflərinə toxunan mütəxəssis bildirib ki, qlütenli tam dənli məhsullar lif, dəmir, fol turşusu, B1, B2 və B3 vitaminlərinin əsas mənbəyidir. Zəruri olmadığı halda qlütensiz pəhriz bu qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bundan əlavə, bir çox qlütensiz məhsul lif baxımından kasad, emal olunmuş karbohidratlar baxımından isə zəngin olur.
“Qlütensiz” etiketi sağlamlıq demək deyil
Dietoloq cəmiyyətdə geniş yayılmış yanlış fikrə də diqqət çəkib. Onun sözlərinə görə, məhsulun üzərində “qlütensiz” yazılması onun avtomatik olaraq sağlam olması anlamına gəlmir. Bəzi qlütensiz məhsullar daha çox şəkər, yağ və əlavə maddələr ehtiva edə bilər. Sağlam qidalanmanın əsas meyarı qlütenin olub-olmaması deyil, məhsulun nə dərəcədə emal olunması və qida dəyəridir.







