n2006

n2006 Hekayələr 12-03-2026, 14:30

Etiraz

Etiraz

...Metronun çıxışındakı “ Super market”in alverçiləri səslərini kökləyib sıraya düzülmüşdülər yenə. Birinci sırada limonsatan xala dayanmışdı. 8 oktava səsi olan bu xala “Lonkaran limonu vooor” deyib elə qışqırırdı ki, ordan keçincə kar olmamaq üçün adam acqarına bütün limonları alıb yemək istəyirdi lap. Çətinliklə bu xaladan uzaqlaşa bildim. Bir az qabaqda bir oğlan da elə qışqırırdı ki, “Ləpədən qalmadı” – deyə yanındakı böyük,dolu kisələri görməsəydim az qala inanacaqdım səhər tezdən hamının ləpə aldığına. Beləcə, gözəl məlahətli səsləri dinləyə-dinləyə yoluma davam edirdim. Bir az gedəndən sonra səsin kəsilməsi diqqətimi çəkdi. Yəqin kimsə boğazını yaşlayır deyə düşündüm. Ehmallıca , hər an bir qışqırtı eşidəcək kimi qorxa-qorxa, asta addımlarla irəliləyirdim. Ancaq səssizlik diqqətimi cox çəkdiyi üçün sağa çevrilib baxdım. Ortayaşlı, ziyalı, nurani sifətli bir kişi gördüm. Qucağındakı corab cığarasından möhkəmcə yapışıb balaca bir daşın üstündə oturmuşdu. Üzündə burda oturduğu üçün utanan bir ifadə vardı elə bil.

...Dərsə tələsdiyim növbəti gün idi. Elə güclü yağış yağırdı ki, göz qırpmağa da imkan yox idi. Metrodan çıxıb islanmamaq üçün var gücümlə qaçırdım. Bu gün xalanın da, digərlərinin də səsini elə kəsmişdi ki, yağış... Bir az irəliyə getdikdə isə qulağıma tanış olmayan bir səs gəlirdi. “Qalın, yun corab var, coraaaaab” – deyə var gücü ilə qışqıran kişi səsi. Bir az yaxınlaşdım. Hə tanıdım... Bu o idi. O nurani simalı kişi. Başına cığara keçirib yağışın altında dayanmışdı. Maraqlısı da o idi ki, ətrafda heç kimin olmadığını görə-görə qışqırırdı. Elə bil kimdənsə qisas alırdı, nəyəsə etiraz edirdi. Qeyri-ixtiyari ona yaxınlaşdım. Elə bunu gözləyirmiş kimi “Bir manatdı, qızım, qalın, yun corabdı” – dedi. Yağışda islanmış əlimi çətinliklə cibimə salıb bir manat pul çıxarıb ona verdim. O da mənə əvəzində qara bir corab verdi... Bu səhnə gözümün qabağına pərdə kimi çəkildi. Gün ərzində ondan başqa heç nə düşünə bilmirdim. Qayıdanda yağış bir az səngimişdi ancaq, kişi orda deyildi. Getmişdi. O günün səhəri evdən çıxanda sağ cibimə bir manat pul ayırıb qoydum corab almaqçün. Amma o kişini yenə orda görmədim...

...Onunçün ayırdığım manat bir neçə gün cibimdə qaldı.

Bu gün evdən çıxanda düşünmədən həmin manatı marşurut sürücüsünə uzatdım. Manatımı dəmir parçaları edib özümə qaytardı. Birini metroya, birini dilənçiyə... verdim. Metrodan çıxanda gözlərimə inanmadım. Kişi qucağında qara corab cığarası ilə yenə də sakit oturmuşdu. Rəngi daha solğun, bənizi daha kədərli. Anladım ki, o yağışlı gündəki etiraz ona baha başa gəlmişdi. Ancaq üzündəki narazılıq ifadəsini görəndə ürəyini boşaltmaq üçün səbrsizliklə növbəti yağışı gözlədiyi anlaşılırdı...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
208 215 246 205 208 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.