Körpələrdə inkişaf gecikməsini erkən necə müəyyən etmək olar? - PEDİATR AÇIQLADI
"Körpənin inkişafı onun gələcək sağlamlığı və həyat keyfiyyəti üçün əsasdır. İlk aylardan etibarən uşağın fiziki, zehni və sosial bacarıqları mərhələli şəkildə formalaşır".
Bu barədə açıqlamasında pediatr Elşən Tağıyev deyib.
Onun sözlərinə görə, bu mərhələlərdə gecikmənin erkən aşkar olunması vaxtında müdaxilə etməyə və mümkün problemlərin qarşısını almağa imkan verir: "Körpələrin inkişaf sahələri və diqqət ediləcək əlamətlər əsasən dörd istiqamətdə qiymətləndirilir. Motor inkişaf uşağın bədənini idarə etmə qabiliyyətini əhatə edir. Bu sahədə 3 aylıqda başını saxlaya bilməməsi, 6 aylıqda çevrilməməsi, 9 aylıqda oturmaması və 12–15 aylıqda yeriməməsi kimi hallara diqqət yetirilməlidir.
Nitq və dil inkişafı həm səsləri çıxarma, həm də başa düşmə qabiliyyətini əhatə edir. 6 aylıqda səslərə reaksiya verməməsi, 9 aylıqda səslər çıxarmaması, 12 aylıqda jestlərdən istifadə etməməsi və 18 aylıqda söz deməməsi bu sahədə gecikməyə işarə ola bilər.
Sosial və emosional inkişaf uşağın insanlarla əlaqəsini göstərir. Göz kontaktının olmaması, 2–3 aylıqda sosial gülümsəmənin müşahidə edilməməsi, 6–9 aylıqda adına reaksiya verməməsi və valideynlə emosional əlaqənin zəif olması bu sahədə diqqət tələb edən əlamətlərdir.
Koqnitiv inkişaf uşağın ətraf mühiti qavrama və öyrənmə qabiliyyətini əhatə edir. Oyuncaqlara maraq göstərməməsi, ətrafı araşdırmaması və sadə səbəb-nəticə əlaqələrini anlamaması bu inkişaf sahəsində mümkün geriləməni göstərə bilər.







