weher uwagi

weher uwagi Məşhurlar 29-04-2026, 13:00

Ədilə Hüseynzadə - 110

Ədilə Hüseynzadə - 110

Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982) Ədilə Hacıağa qızı Hüseymzadə, bu gün - 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S. Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir.

O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olaraq Üzeyir bəydən SSRİ Xalq artisti Bülbülün sinfində dərs alır və daha sonra professor Bülbül, tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olur.

1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunur və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilir. Eyni zamanda Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Nizami Gəncəvinin qəzəllərinə 800 illik yubileyi münasibətilə tələbələri tərəfindən romanslar bəstələnir. Ədilə Hüseynzadənin "Vəslin həvəsi" adlı romansı müəllimi tərəfindən yüksək qiymətləndirilərək ifa olunması üçün Bülbülə təqdim olunur. Ədilə Hüseynzadə arıtq tələbəlik illərində həm ölkə daxilində, həm də ölkə xaricində öz əsərləri ilə tanınmağa başlayır.

Bir gün Ədilə Hüseynzadə Ağabacı Rzayevanın Üzeyir Hacıbəylidən bəstəkarlıq dərsləri aldığını öyrənir. O da özünü bu sahədə sınamaq qərarına gəlir və İsmayıl Soltanın "Yadigar" şeirinə musiqi bəstələyir. Üzeyir Hacıbəylinin bəstəni bəyənməsindən sonra Ədilə Hüseynzadə Vokal şöbəsindən Bəstəkarlıq şöbəsinə keçir. O, həftədə dörd dəfə Üzeyir Hacıbəylidən dərs alır.

Ədilə Hüseynzadə 1948-ci ildə Üzeyir Hacıbəylinin vəfatından sonra professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. O, Bakı Musiqi Akademiyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Bəstəkar təhsilini başa vurduqdan sonra 1953-1988-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. O, 33 il çalışdığı məktəbdə Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova kimi tanınmış musiqiçilərə Kompozisiyanın əsasları fənnindən dərs deyib.

Ədilə Hüseynzadə həm bəstəkar kimi, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini vermişdir. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir. Həmçinin "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günəşdən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" və s. romansların müəllifidir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün olduğu kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra irihəcmli əsərlər də yaratmışdır.

Ədilə xanım Hüseynzadə 20 iyul 2005-ci ildə 89 yaşında vəfat etmişdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 116 105 110 177 99

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.